"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Ağdam rayonunda “Vətənə Sipər İgidlər” adlı vətənpərvərlik layihəsinə start verilib

Ağdam rayonu Quzanlı qəsəbəsində Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənə Sipər İgidlər” adlı layihəyə start verilmişdir. 150 - ə yaxın gəncin faydalandığı vətənpərvərlik mövzusunda olan maarifləndirici layihə zamanı regionun aktiv gəncləri ilə görüşlər keçirilmiş və regionun istedadlı gənclərinin əl işlərindən ibarət olan rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.

Layihənin açılış mərasimində “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, Ağdam rayon Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov, baş məsləhətçi Anar Əsgərov, “Qarabağ Müharibəsi Veterenları, Şəhid ailələri və Əlillər Cəmiyyətinin Ağdam Rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, eyni zamanda Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Keçirilən görüşlər zamanı gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsinə, habelə qəhrəmanlıq nümunələrinin təbliğinə yönəlmiş söhbətlər aparılmışdır. Yeniyetmə və gənclərin Azərbaycanın milli-mədəni irsi, tarixi haqqında məlumatlandırılması, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması və bu sahədə mənəvi-psixoloji təsir amili diqqət mərkəzində saxlanılmışdır.

Layihə zamanı gənclərə Ağdam rayonunun respublikamızda Birinci Qarabağ müharibəsi zamanı ən çox şəhid vermiş bir rayon olduğu, 6 minə yaxın şəhidi və 16 Milli Qəhrəmanı olması haqqında geniş məlumat verilmişdir. Xüsusilə Ağdam uğrunda döyüşlərdə yüzlərlə ağdamlı hərbçi əsl qəhrəmanlıq, döyüş rəşadəti göstərərək həyatlarını Vətənin yolunda qurban etməsi, bu qədər şəhidlərin verilməsi ağdamlı gənclərin Vətənə, torpağa bağlılığından, Vətəni, torpağı sevməsi, onu ana kimi qorumaq hissindən irəli gələn maarfiləndirici məlumatlar bölüşülmüşdür.

Bununla yanaşı “Vətənə Sipər İgidlər” layihəsi çərçivəsində gənclərin əl işlərindən ibarət olan vətənpərvərlik mövzusunda açıq havada sərgi təşkil olunmuşdur. Sərgidə rayonun bütün ictimaiyyətinin nümayəndələri, xüsusən də gənc nəslin nümayəndələri: məktəbllilər, Ağdam Sosial-İqtisad və Musiqi kollecinin tələbələri, dövlət təhsil, səhiyyə, mədəniyyət sahəsinin işçiləri, dövlət, hökümət orqanlarının nümayəndələri və.s iştirak edirdilər.

Sonda layihədə fəal iştirak edən gənclər şəhadətnamə ilə təltif olunublar.

Qeyd edək ki, 01 dekabr 2014-cü il – 30 yanvar 2015-ci il tarixlərini əhatə edən “Vətənə sipər igidlər” adlı layihəsinin həyata keçirilməsində başlıca məqsədi yeniyetmə və gənclərə vətənpərvərlik ideyalarının aşılanması, milli mənəvi dəyərlərin təbliği, gənclərin döyüş hazırlığının yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli şəkildə dəyərləndirilməsinə nail olmaqdır.

Xüsusi ilə birbaşa qoşunların təmas xəttində Ağdam rayonunda yaşayan uşaq, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında tariximizi, Qarabağ savaşının, qəhrəman oğullarımızdan bəhs edən maarifləndirici düşərgə layihəsi olan “Vətənə Sipər İgidlər” layihəsi vasitəsilə yeniyetmə və gəncləri dövlətimizin bu istiqamətdə apardığı işlərlə bağlı məlumatlandırmaq, Azərbaycan gəncliyinin üzərinə düşən vəzifənin nədən ibarət olduğunu, vətənpərvərlik hisslərinin daima ön planda olmasını və milli maraqlar üzərində tərbiyyə olunmasını izah etmək layihənin əsas məqsədlərindəndir.