"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

İlk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfrans

Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə dəstəyi ilə 21-25 oktyabr tarixlərində ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı təşkil olunacaqdır. Beş günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 tələbə və məzunlarını bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə hazırlanmış iki günlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər. Daha sonra onlar Kiber Təhlükəsizlik üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar.

Tədbir ərəfəsində Konfransın Prezidenti Hannah Moosa Azərbaycanda səfərdədir. Səfərin məqsədi konfrans ərəfəsində yerli iştirakçıların bilik və bacarıqlarının artırılması istiqamətində olan təlimlərdə və konfransın işçi sənədlərinin hazırlanmasında yaxından iştirak etməkdir. Toronto Unverisetinin siyasi elmlər fakultəsinin PhD doktoru olan və münaqişələrin qarşısının alınması, regional inteqrasiya, əməkdaşlığın təşviqi istiqamətlərində elmi araşdırmalar aparan Hannah Moosanın eyni zamanda BMT Təhlükəsizlik Şurası Model Konfranslarının keçirilməsində 12 illik təcrübəsi vardır. Konfransda nümayəndə kimi fəaliyyətə başlayan Hannah Moosa müxtəlif vaxtlarda ABŞ, Kanada, İsveçrə, Cənubi Afrika Respublikasında keçrilən BMT Model Konfranslarında direktor koməkçisi, direktor, təşkilatçı vəzifələrini icra etmişdir. O eyni zamanda 2009-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən təşkil olunan Birinci Qlobal BMT Model Konfransının (GMUN 2009) baş katibi (Secretary General) olmuşdur.

Qeyd edək ki, BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, konfliktləri həll edirlər.