"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunları

2014-cü ilin may ayında Rusiya Federasiyasının Volqoqrad şəhərində Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunları keçirilmişdir. Delfi Oyunları öz başlanğıc tarixini olimpiya oyunları kimi qədim yunan mədəniyyətindən götürür. Artıq Beynəlxalq yarışlara çevrilmiş müasir Delfi Oyunları isə 2000-ci ildən başlayaraq keçirilir. Oyunların əsas məqsədi ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, iştirakçı dövlətlərin gəncləri arasında istedadlı gənclərin aşkara çıxarılması, yaradıcı gənclərin dəstəklənməsi və onların professionallıq səviyyəsinin yüksəldilməsi, həmçinin onların humanitar və mədəni inkişaf proseslərində fəal iştiraka cəlb edilməsi, onlar arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.

Bu günə kimi Bryansk, Kişinev, Kiyev, Astana, Minsk, Novosibirsk kimi şəhərlərdə MdB iştirakçı dövlətləri arasında keçirilmiş Delfi Oyunlarında Azərbaycanın istedadlı gəncləri də fəal iştirak etmiş, müxtəlif nominasiyalar üzrə qızıl, gümüş, bürünc medallara layiq görülmüş, xüsusi diplomlarla təltif olunmuşlar. Bu il isə ilk dəfə olaraq Avropa Delfi Oyunları keçirilmişdir. Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunlarında iştirak edən gənclər 18 nominasiya üzrə yarışırdılar. Müsabiqələr hər nominasiya üzrə müvafiq olaraq 2-3 yaş qruplarında (kiçik, orta, böyük) keçirilməklə ümumilikdə 10-25 yaşlı gəncləri əhatə edirdi. Tədbirə 20-dən çox ölkədən 2000-ə yaxın iştirakçı qatılmışdı.

Qeyd edək ki, ölkəmizi bu oyunlarda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 34 nəfərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Azərbaycanı təmsil edən istedadlı gənclər 9 müxtəlif nominasiyalarda – skripka, fortepiano, təsviri sənət, foto, müasir rəqs, estrada ifası, xalq mahnısı, milli musiqi alətləri və di-djey nominasiyalarında yarışırdılar. Qızıl medalı “di-djey” nominasiyası üzrə çıxış edən Eldar Məmmədov qazandı. Bundan başqa “xalq mahnısı” nominasiyasında çıxış edən Mirpaşa Şükürov, "milli musiqi alətləri" nominasiyasında çıxış edən Rza Məmmədli və "müasir rəqs" nominasiyası üzrə çıxış edən "Jam SS" rəqs qrupu gümüş medal qazandılar. "Milli musiqi alətləri" nominasiyasında çıxış edən daha bir iştirakçımız Sədəf Abdullazadə isə bürünc medal qazanmaqla medalların ümumi sayını beşə çatdırdı. Oyunlarda “fortepiano” nominasiyası üzrə iştirak edən Minirə Nəcəfzadə, “skripka” nominasiyası üzrə iştirak edən Nəzrin Aslanlı, "foto" nominasiyası üzrə iştirak edən Əminə Balaoğlanova, eləcə də "təsviri sənət" nominasiyasında Cavidan Əhmədov Avropa Delfi Oyunlarının xüsusu diplomuna layiq görüldülər. Beləliklə, ümumi hesabda 5 medal - bir qızıl, üç gümüş, bir bürünc medal və dörd xüsusi diplom ilə geri qayıdan istedadlı gənclərimiz ölkəmizi beynəlxalq müsabiqədə layiqincə təmsil etdilər.