"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Online fikir bankı" layihəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi gənclər üçün yeni və unikal bir layihəni başlayır. "Online fikir bankı" adlanan layihənin əsas məqsədi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamaqdan ibarətdir. Bunun üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə www.fikirbanki.az saytı yaradılmış və istifadəçilərə təqdim edilmişdir.

Gənclərin irəli sürdükləri fikir və ideyalar açıq istifadə üçün saytda yerləşdiriləcəkdir. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. Bu, da öz növbəsində həm gənclərin, həm də bütün cəmiyyətin həyat keyfiyyətinin daha da artırılmasına səbəb olacaqdır.

Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılmışdır və qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Azərbaycan gəncliyinin vətənpərvər, istedadlı və innovativ düşüncəyə malik olduğunu nəzərə alaraq, ekspertlərin rəylərinə əsasən, belə bir layihə günün tələblərinə tam uyğundur və uğurla nəticələnəcəkdir. "Online fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Qeyd etmək lazımdır ki, "Online fikir bankı" layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.