"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Minskdə MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının VIII forumu start götürmüşdür.

Sentyabrın 24-də Minskdə MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “2013-cü il MDB iştirakçısı olan dövlətlərdə ekoloji mədəniyyət və ətraf mühitin mühafizəsi ilidir” devizi altında VIII forumu işə başlamışdır.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, forumda Azərbaycanı təmsil edən nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İntiqam Babayev başçılıq edir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin, Elmlər Akademiyasının, ali məktəblərin təmsilçiləri, habelə Azərbaycan Dövlət Teleqraf Agentliyinin əməkdaşı daxildir.

MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Belarus Respublikası Hökumətinin dəstəyi ilə təşkil olunmuş forumda MDB ölkələrinin təhsil, mədəniyyət, səhiyyə, ekologiya sahələrində, kütləvi informasiya vasitələrində və humanitar sahədə çalışan yaradıcı və elmi ziyalıların nümayəndələri iştirak edir.

Tədbir başlamazdan əvvəl Belarus Milli Kitabxanasında ekologiya və təbii ehtiyatların qorunması mövzusunda yaradıcı işlərin, kitab və nəşrlərin ekspozisiyası təşkil edilmişdi.

Plenar iclasda çıxış edənlər MDB məkanında ekoloji şəraitin sabitliyini qoruyub saxlamağın vacib olmasını qeyd etmişlər. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sözlərinə görə, hazırda ekologiya problemlərinin həlli MDB ölkələri qarşısında bir nömrəli məsələyə çevrilməlidir. O vurğulamışdır: “Ətraf mühitin təhlükəsizliyi məsələsi bütün dövlətlərə aid olmalıdır”.

Flickr Image
Flickr Image
Flickr Image
Flickr Image
Azərbaycanın Rusiyadakı səfiri, DHƏF-in idarə heyətinin sədri Polad Bülbüloğlu qeyd etmişdir ki, müasir aləmdə ziyalılar cəmiyyətin inkişafında mühüm rol oynayır. Səfir vurğulamışdır ki, qloballaşma, texnologiyaların sürətli inkişafı ölkələrimizi yeni çağırışlarla üzləşdirir. P.Bülbüloğlu demişdir ki, ekoloji təhlükəsizlik məsələsi bütün dünya qarşısında aşkar bir faktdır.

Səfir öz çıxışında müxtəlif xalqların dinc yanaşı yaşaması məsələsinə də toxunaraq vurğulamışdır ki, müharibələrin hələ də davam etdiyi indiki dövrdə planetin müxtəlif guşələrində qan tökülməsinə yalnız beynəlxalq hüquq normalarına riayət etməklə son qoymaq olar. O demişdir: “Dövlətlərin suverenliyinə, onların ərazi bütövlüyünə hörmət etmək, suveren hüquq bərabərliyinə əsaslanan əməkdaşlıq qurmaq lazımdır”.

Səfir vurğulamışdır ki, dinc yanaşı yaşamağın yollarından biri də mədəniyyətlərin müxtəlifliyinin təmin edilməsidir. P.Bülbüloğlunun fikrincə, qərbli skeptiklərin bəyanatlarına baxmayaraq, postsovet məkanında multikulturalizm modeli sağlam düşüncəli insanların diqqətini cəlb edir. O vurğulamışdır: “Mədəniyyətlərarası dialoq üzrə Bakıda hər il keçirilən beynəlxalq forumda multikulturalizm mövzusunda müzakirələr həmişə böyük maraq doğurur. Xalqlarımızın bənzərsizliyinin qorunub saxlanması yalnız multikulturalizm kontekstində mümkündür.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, idman və gənclər nazirinin müavini İntiqam Babayev Azərbaycan Respublikası Prezidentinin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Nazir müavini qeyd etmişdir ki, bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin qorunub saxlanmasında və möhkəmlənməsində gənclər mühüm rol oynayır. O demişdir: “Gənclər siyasəti MDB məkanında humanitar əməkdaşlığın ayrılmaz tərkib hissəsidir. Bu cür tədbirlər həm də Birlik iştirakçısı olan ölkələrin gəncləri arasında əlaqələrin tənzimlənməsi üçün zəmin yaradır”.

Forum öz işini ekoloji təhsil və tərbiyə, Birlik ölkələrində gənclər siyasətinin həyata keçirilməsi, MDB ölkələrinin mədəniyyətlərinin dialoqu və humanitar əməkdaşlıq, təbii və mədəni irsin qorunub saxlanması məsələlərinə həsr edilmiş seksiya iclaslarında davam etdirmişdir.

Forumun yekunlarına əsasən qətnamə qəbul edilməsi nəzərdə tutulur. Sentyabrın 25-də forum öz işini başa çatdıracaqdır.