"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Gənc sənətkarların dekorativ-tətbiqi sənət müsabiqəsinin yekunlarına həsr olunmuş yekun sərgi və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 17-də Şəki şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın gənc sənətkarların dekorativ-tətbiqi sənət müsabiqəsinin yekunlarına həsr olunmuş yekun sərgi və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

XIX əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil edilən mərasimdə Gənclər və İdman Nazirliyinin rəsmisi Kənan Kərimov çıxış edərək “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə keçirilən bu müsabiqənin yaradıcı gənclərin istedadlılıq qabiliyyətlərinin üzə çıxarılması, onların təcrübə, bilik və bacarıqlarının daha da artırılması məqsədi daşıdığını bildirmişdir.

Qeyd olunmuşdur ki, müsabiqənin ilkin seçim mərhələsi bu ilin fevral-mart aylarında yerlərdə keçirilmişdir. İlkin mərhələdə seçilmiş ən yaxşı əl işləri müsabiqənin yekun sərgisinə təqdim olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, müsabiqənin yekun sərgisində respublikanın 16 şəhər və rayonunu təmsil edən 120 gənc sənətkarın dekorativ-tətbiqi sənətin 8 növü üzrə 200-dən artıq əl işi nümayiş etdirilir.

Nazirliyin rəsmisi sərgidə iştirak edən gənc müəlliflərin gələcəkdə xarici ölkələrdə keçiriləcək beynəlxalq sərgilərdə, müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini bildirmişdir.

Sərgi ilə tanışlıqdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

Münsiflər heyətinin rəyinə əsasən, xalçaçılıq, qobelen, batika, dulusçuluq, zərgərlik, bədii şüşə, bədii tikmə və digər növlər üzrə qalib gəlmiş gənc müəlliflərə sertifikat və pul mükafatları təqdim olunmuşdur.

Yekun sərgi iki gün davam edəbdir.