"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

2014-cü il Gənclər və İdman Nazirliyinin 20 illik fəaliyyətinin tarixidir.

Hər bir tarixi hadisə özünəməxsus taleyini yaşayır. Lakin yaşanan taleyin də öz tarixi olur. 2014-cü il Gənclər və İdman Nazirliyinin 20 illik fəaliyyətinin tarixidir. Hazırda nazirlik, necə deyərlər, öz adına layiq 20 illik gənclik ömrünü yaşayır. Bu yaşda arzular isə bitib-tükənmir...

Nazirliyin 20 illik yubileyi ərəfəsində indiyə qədər görülən işlərə, əldə olunan nailiyyətlərə nəzər saldıqda, bir daha əmin olursan ki, gənclər və idman siyasətinin uğurla həyata keçirilməsində dövlətimizin bu sahəyə göstərdiyi qayğı və diqqət əvəzsizdir. Əlbəttə, öncə nazirliyin yaranmasının təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini, uzaqgörən və ardıcıl siyasətini xüsusi qeyd etmək lazımdır. Ulu öndərin mübariz həyat tərzi, zəngin irsi, milli dəyərlərə bağlılığı, işi və şəxsi keyfiyyətləri, fenomenal istedadı onu hər bir gəncin idealına çevirmişdir.

1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə keçirilən Azərbaycan gənclərinin I forumu respublikanın hər yerində gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların "Qızıl kitabı"nın təsis edilməsi, təqvimə Azərbaycan gəncləri gününün daxil olunması, hər üç ildən bir gənclər forumunun keçirilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərmanın, "Gənclər siyasəti haqqında" qanunun imzalanması və digər tədbirlər gənclərin təşkilatlanmaya meylinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı. Və bütün bunlar Heydər Əliyev siyasi kursuna xas olan ardıcıllıqla həyata keçirildi.

Ölkənin taleyüklü məsələlərində gəncliyin sözü və birliyi aparıcı, həlledici amilə çevrildi. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə, yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən başlayan yol 2003-cü ildə xalqın seçimi ilə Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinin layiqli davamçısı kimi hakimiyyətə gələn Prezident İlham Əliyevin başladığı kursla yeni məcraya qədəm qoydu. İqtisadi layihələrin təntənəsi Azərbaycanın inkişaf və tərəqqisini, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini təmin etdi. İndi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizdə sosial rifahın, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması kimi prioritet vəzifələri müəyyən edib.

1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan bəri Azərbaycan gəncliyinin liderinə çevrilmiş İlham Əliyevin son on ildə siyasi-iqtisadi, sosial-mənəvi layihələrində idman və gənclik mövzusunun xüsusi yeri olub.

Gəncliklə bağlı dövlət siyasətindən söz düşmüşkən iki tarixi qərarı xüsusi qeyd etmək lazımdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı gənclər siyasətinin müasir dövrdə prioritet vəzifələrinin müəyyən edilməsi, onların icrası baxımından mühüm sənədlər oldu. Proqramlar beynəlxalq təcrübəyə və tarixi-mədəni irsə, zəngin adət-ənənələrimizə uyğun həyata keçirilib və hazırda ikinci sənədin icrası uğurla davam edir.

Azərbaycanda hər ilin bir sahəyə həsr olunması kimi gözəl ənənə formalaşıb. Bu mənada 2007-ci ilin "Gənclər ili" elan edilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha vurğulamış oldu.

İl ərzində keçirilən xüsusi tədbirlər planına uyğun olaraq gənclərin ictimai-siyasi, sosial-iqtisadi həyatda, mədəni-mənəvi mühitin formalaşmasında fəal iştirakı və onların hüquqlarının müdafiəsinin təmin edilməsi və müvafiq qanuni bazanın möhkəmləndirilməsi, bütün istiqamətlər üzrə müvafiq proqramların səmərəli həyata keçirilməsi, istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və onların təşəbbüsünə dəstək verilməsi kimi vəzifələr müəyyənləşdi. Ən əsası, il boyu görülən işlər sonrakı illərin də fəaliyyət proqramının təməl daşı oldu.

Cənab İlham Əliyev gənclər qarşısında çıxışlarının birində demişdir: "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu sözlərin arxasında gənclər və idman sahəsində gənclərin rifahının yüksəlməsi üçün dövlət səviyyəsində görülən işləri, tədbirləri xatırlamaq kifayətdir. Masallı,Tərtər, Mingəçevir və Lənkəranda gənclər mərkəzlərinin açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlər, apardığı fikir mübadiləsi, dəyərli tövsiyələri onların hər birinin həyatında unudulmaz tarixi hadisədir.

2011-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Gənclər Fondunun yaradılması da mühüm əhəmiyyətə malikdir. Fond şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə fəaliyyətini yalnız internet şəbəkəsi vasitəsilə həyata keçirir. Ötən dövr ərzində bu qurum tərəfindən respublikanın təkcə yerli əhəmiyyətli deyil, həm də beynəlxalq səviyyəli layihələri dəstəklənib. Burada xüsusi qeyd olunmalıdır ki, məhz Azərbaycan Gənclər Fondu ilk dəfə olaraq gənclərin fərdi layihələrini dəstəkləyib. Bu təcrübə hətta bir sıra qabaqcıl dövlətlər, eyni zamanda beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Bu gün müasir dövrün tələblərinə uyğun olaraq gənclərin dünya mədəniyyətinə inteqrasiyası, planetin aparıcı ölkələrinin təcrübəsini öyrənməsi gənc dövlət üçün ən aktual məsələdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu vəzifələri uğurla icra etməyə kömək edir. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı 62-yə çatıb. Xarici ölkələrdə "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsi və "Azərbaycanın gənc dostları" mübadilə proqramlarının həyata keçirilməsi kimi addımlar həm gəncliyimizin beynəlxalq aləmə inteqrasiyası, həm də Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib. Hazırda orta hesabla il ərzində beynəlxalq mübadilədə iki minədək gənc iştirak edir. Bu, 2003-cü illə müqayisədə 20 dəfə çoxdur. Azərbaycan gəncləri beynəlxalq təşəbbüskarlığı ilə də seçilməyə başlayıb. 5 beynəlxalq gənclər platformasının ("Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı) təşəbbüskarı və təsisçisi Azərbaycan gəncliyidir.

Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) Rusiya Federasiyasında yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gətirilərək diaspor və lobbiçilik işinə cəlb olunmasında, onların fəaliyyətlərinin əlaqələndirilməsində, gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsində, onları maraqlandıran mövzularda müzakirələrin aparılmasında xüsusi rol oynayır.

Gənclər və İdman Nazirliyi gənclərimizin intellektual, mədəni inkişafı üçün nəzərdə tutulan layihələrin dəstəklənməsində, davamlı olmasında maraqlıdır. İstedadlı gənclərlə iş sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm işlər görülmüşdür.

"Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı (1996), "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı (1997), "Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı (2007), "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə" Dövlət Proqramı (2006-2010) qəbul edilmişdir. Ölkə Prezidentinin 2 iyul 2013-cü il tarixli fərmanı ilə Gənclər üçün Prezident mükafatı təsis edilmişdir. Mükafat elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə ildə bir dəfə təqdim edilir.

Müasir gənclərin intellektual səviyyəsinin yüksəlməsi istiqamətində Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Gənc alimlərin, intellektual klubların, şən və hazırcavablar klubları komandalarının müxtəlif beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya əsasən gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onların fundamental elmi-tədqiqat işlərinin səmərəli aparılması, yaradıcılıq potensialının artırılması istiqamətində tədbirlər görülür. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası, MDB-nin iştirakçısı olan dövlətlərdən ali məktəb tələbələri arasında "İdeya var" elmi yaradıcılıq müsabiqə-festivalı, gənc alimlərin I və II respublika innovativ ideya yarmarkaları, "Gənclər və ekoloji inkişaf uğrunda" Beynəlxalq Bakı elmi-praktik konfransı, "Avropa məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu", Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunu qeyd etmək olar. Gənc alimlərin elmi əsərlərinin, məqalələrinin toplusu müntəzəm olaraq nəşr edilir. Bunlarla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən gənc alimlərin beynəlxalq konfrans, simpozium, seminarlarda məruzəçi və təqdimatçı qismində iştirakı daim dəstəklənir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva gənclərdən öz diqqət və qayğısını əsirgəmir. Onun sədrliyi ilə Bakıda "Gənclərin məşğulluq sammiti" uğurla həyata keçirilmişdir.

Gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir. "Breyn-rinq", "Nə? Harada? Nə zaman?" intellektual oyunları üzrə mütəmadi olaraq keçirilən çempionatlar çoxsaylı gəncləri öz ətrafında sıx birləşdirir. Azərbaycanın ilk milli intellektual oyunu - "Xəmsə" hər il silsilə tədbir kimi həyata keçirilir. Artıq "Xəmsə" ölkə sərhədlərini aşaraq beynəlxalq statuslu intellektual oyun proqramlarına daxil edilmişdir.

İnformasiya texnologiyalarının gənclər arasında daha geniş yayılması üçün kompüter oyunlarının, həmçinin müasir texnologiyalardan istifadə etməklə digər yarışların keçirilməsinə diqqət artırılıb. Qalib komandaların kompüter oyunları üzrə dünya çempionatlarında iştirakı təmin edilib. Müasir texnologiyalar vasitəsilə gənclər arasında Azərbaycan həqiqətlərini təbliğ etmək məqsədilə 2012-ci ildə ilk milli kompüter oyunları - "İşğal altında: Şuşa", "İşğal altında: Ağdam" hazırlanıb gənclərin istifadəsinə verilib.

Mədəniyyət insanla ətraf mühit arasında harmoniya yaradır. Məhz bu cəhətdən "Tələbə Baharı" festivalı dünya gəncləri arasında həmrəyliyin, dostluğun, sülhün parlaq təcəssümüdür. Festival artıq 6 ildir ki, uğurla davam edir.

"Tələbə Baharı"nın - Tələbələrin Ümumrespublika Yaradıcılıq Festivalının 2011-ci ildə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələri arasında keçirilməsi xüsusilə təqdirəlayiq təşəbbüs idi. Bizim çox zəngin musiqi mədəniyyətimiz, ifaçılıq sənətimiz var, müasir gənclərimiz isə milli incəsənətimizin təbliğində, onun dünya ölkələrində yaxından tanıdılmasında fəal iştirak edirlər.

Gənclər və İdman Nazirliyi fəaliyyət göstərdiyi 20 ildə gənclər arasında Azərbaycanın tarixi və milli irsin təbliği ilə yanaşı, onlarda müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə edilməsinə diqqəti artırmışdır.

Ölkəmizin dünyada rəqabətədavamlığını artıra bilən yaradıcı, yüksək intellektual səviyyəsi olan bacarıqlı gənclərimiz yetişməkdədir. Gənclərimizin mədəniyyətlərarası dialoqlarda iştirakı Azərbaycan haqqında əsl həqiqətin üzə çıxmasında, xalqlar arasında dostluğun, anlaşmanın daha da möhkəmlənməsində xidmətləri xüsusi vurğulanmalıdır. Dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin asudə vaxtının səmərəli təşkili, sosialyönümlü fəaliyyətlərə cəlb olunmasıdır. Gənclər arasında sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən uzaqlaşdırılması başlıca məqsəddir. Bunlara nail olmaq üçün diqqət yay və qış təlim və sağlamlıq düşərgələrinin, müsabiqələrin, intellektual yarışların səmərəli təşkilinə yönəlmişdir.

Cəmiyyətin aparıcı qüvvəsi olan sağlam düşüncəli gənclərimizdən fərqli olaraq, zərərli vərdişlərə aludəliyin qurbanları da az deyil. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin hüquqi maarifləndirilməsi" İctimai Birliyi ilə bu il iyulun 15-dən "Cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiyası" mərkəzi yaradılmışdır. Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq tədbirlər planında nəzərdə tutulmuşdur.

Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifə, ümummilli lider Heydər Əliyevin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir.

Estetik mədəniyyət, şəxsiyyətin fiziki və mənəvi inkişafını təmin etmək dünya olimpiya hərəkatının ən ümdə məqsədlərindən biridir. İdmanın sülhməramlı, humanist dəyərləri dünyanın mötəbər yarışlarında milyonlarla insan arasında ən etibarlı körpülərdir. İdman həmçinin cəmiyyətin vahid milli ideya ətrafında birləşməsinə və gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına böyük təkan verir.

1997-ci ildə ölkənin bədən tərbiyəsi və idman ictimaiyyətinin çağırışına səs verib Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş İlham Əliyevin bu sahədə fəaliyyəti hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi.

2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları bu nailiyyətlərin memarı kimi cənab İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani nümayiş etdirdi. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında 23 iştirakçıdan ibarət komandanın nailiyyəti bir gümüş medalla əks olmuşdusa, dörd il sonra Sidneydə 31 idmançı tərəfindən 2 qızıl və 1 bürünc medal əldə edilmişdir. Bu da ölkəmizə ilk tarixi zəfərləri gətirdi. Həmin illər həm də Azərbaycan bədən tərbiyəsi və idmanın dönüş nöqtəsi, intibah dövrünün başlanğıcı oldu.

Söz yox ki, olimpiadalar hər dördillik dövr üçün təkcə böyük idman bayramı, təntənəsi deyil. Onlar həm də bir hesabat məqamıdır. Gəlin sadəcə rəqəmlərə müraciət edək və olimpiya uğurlarının artan tempinə diqqət yetirək: Afinada (2004-cü il) 38 idmançı ilə biri qızıl olmaqla 5, Pekində (2008-ci il) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı olmaqla 7 medal qazanılmışdı. Medalların artan tempi ilk illərin göstəricisi idisə, 2012-ci il London Yay Olimpiya Oyunları bu mənada daha bir keyfiyyəti ilə fərqlənirdi. İdmançılarımız İngiltərənin paytaxtında rekord sayda - 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazandılar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutdu. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşdı.

Azərbaycan son illər təkcə olimpiya deyil, elə paralimpiya hərəkatında da böyük uğurlara imza atıb. Olimpiya oyunlarından dərhal sonra təşkil olunan paralimpiya oyunlarında da idman uğurlarımız ilbəil artır. Fiziki qüsuru olan idmançılarımız böyük iradə nümayiş etdirərək sağlam idmançıların uğurlarını təkrarlamağa, hətta onlardan da yüksək nəticə göstərməyə nail olurlar. Son 10 ildə keçirilən 3 paralimpiya oyunlarında (Afina-2004, Pekin-2008 və London-2012) Azərbaycan 26 medal qazanıb. Bunların 8-i qızıl, 9-u gümüş, 9-u bürünc əyarında olub.

Ölkədə qış idmanı növlərinin inkişafı üçün müvafiq maddi-texniki bazanın da yaradılmasına başlanılıb. 2010-cı ildə yeniyetmələr arasında ilk dəfə Sinqapurda təşkil edilən yay olimpiadasında 5-i qızıl və 3-ü gümüş olmaqla 12 yeniyetmə idmançımızdan 8-i vətənə medalla döndü. Bu nəticələrə görə ölkəmiz 204 ölkə arasında 11-ci yeri, iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ölkələr sırasında 2-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutdu. Bu isə ölkədə yeni nəsil idmançıların yetişdirilməsi, əhali arasında bədən tərbiyəsi və idmanın dayaqlarının möhkəmləndirilməsinin əsas göstəricilərindən biri kimi qəbul edilə bilər.

Ötən il Rusiyanın Kazan şəhərində keçirilmiş 27-ci Dünya Yay Universiadasında 12 proqram üzrə yarışlara qoşulan Azərbaycanın tələbə idmançıları 4 qızıl, 5 gümüş və 7 bürünc və ümumən 16 medalla həm kəmiyyət, həm də keyfiyyət göstəricisinə görə dünyada 162 ölkə arasında 15-ci nəticə göstərdi.

2013-cü il 22 sentyabr - 1 oktyabr tarixində İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 46 ölkə arasında 7-ci yeri tutdu.

Bu uğurlar gələcəkdə ölkəmizin məşqçi-müəllim ehtiyatını zənginləşdirəcək kadrların öz nümunələri əsasında neçə-neçə gəncin istedadının parlamasına xüsusi təkan verə bilər. Belə psixoloji amillərin idmanda rolu danılmazdır.

Nümunədən danışarkən, idmanın inkişafı və ölkədə bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi, onun bir hərəkat kimi yayılmasında əldə olunan medallarla bahəm əsas vasitələrdən biri də yarış təşkilatçılığıdır. Onu da qeyd etmək lazımdır ki, bu gün beynəlxalq idman yarışlarının təşkilatçılığı həm də ölkənin təbliğində, milli-mənəvi dəyərlərin yayılmasında, ölkənin turizm potensialının inkişafında əhəmiyyətli təsir vasitəsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan nüfuzlu beynəlxalq yarışların dəyişməz ünvanına çevrilib.

Təkcə cari ilin birinci yarısında milli idman federasiyaları ilə birlikdə 70 respublika, 20 beynəlxalq səviyyəli yarış keçirilmiş, 50 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

İlin birinci yarısında dünya, Avropa çempionatlarında və birinciliklərində, kubok yarışlarında 35 qızıl, 37 gümüş və 50 bürünc medal əldə edilmişdir.

Bu ilin aprelində Bakı şəhərində keçirilmiş Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi dünyanın nüfuzlu idman jurnalistlərinin diqqətinin ölkəmizə yönəldilməsi baxımından böyük əhəmiyyət daşımış, AIPS-ə üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın dərinləşməsinə, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konqresin açılış mərasiminə təbrik məktubu göndərmiş, iştirakçılar üçün təşkil edilmiş "Xoş gəlmişsiniz" gecəsində iştirak etmişdir.

Bu il ölkəmizdə Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakterli atletika üzrə Avropa təsnifat turniri, Bakı şəhərində bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, taekvondo üzrə Avropa çempionatı, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında "Naxçıvan kuboku", şahmat üzrə "Naxçıvan Open-2014" beynəlxalq şahmat festivalı, Bakı Tennis Akademiyasında tennis üzrə beynəlxalq turnir, velosiped idmanı üzrə "Tour d' Azerbaidjan" beynəlxalq turniri, qol güləşi üzrə XXIV Avropa çempionatı və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.

Əldə olunan idman nailiyyətlərinə gəlincə, müqayisəli təhlil üçün sadəcə onu qeyd etmək yerinə düşər ki, 1992-ci ildə cəmi 23 (olimpiya növləri üzrə 7) medal qazanılmışdısa, 2002-ci ildə bu rəqəm 175 (olimpiya növləri üzrə 63) idi. Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm də növ çeşidi artan templə davam edib. 2013-cü ildə mötəbər yarışlarda 782 medal qazanılıb və onlardan 280-i qızıl əyarlı olub.

Son illər idmanın artan tempi haqqında danışarkən Azərbaycan idmanında 2012-ci ildən xüsusi söz açmaq lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə "İdman ili" elan edilən 2012-ci il Azərbaycana böyük uğurlar gətirdi. İlin sonlarında Avropa Olimpiya Komitəsi ilk dəfə 2015-ci ildə qitənin ən böyük yarışının - I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana verdi. Bir qayda olaraq, olimpiya oyunları kimi məsuliyyətli və çoxşaxəli idman tədbirinə hazırlıq üçün 6-7 il vaxt tələb olunur. Lakin Azərbaycanda quruculuq işlərinin vüsəti, iqtisadi potensialın ildən-ilə yüksəlməsi ölkəmizə olan inamı xeyli artırıb. Azərbaycanın bu gün idmanda ən yaxşı tərəfdaş kimi tanınması, yarış təşkilatçılığında hökumətin verdiyi vədlərə əməl etməsi sadəcə idman prizmasından deyil, həm də Odlar yurdunun beynəlxalq nüfuzunun əsas göstəricisidir.

Hazırda Bakı gələn il təşkil ediləcək bu möhtəşəm idman bayramına hazırlaşır. Ölkə başçısının müvafiq fərmanı ilə I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır.

I Avropa Oyunlarından əlavə, FİDE-nin konqresində 2015-ci ildə şahmatçıların dünya kuboku, bir il sonra keçiriləcək şahmat olimpiadasının paytaxtımıza həvalə olunması da yarış təşkilatçılığında Azərbaycanın artıq ən nüfuzlu turnirlərə də ev sahibliyi etmək iqtidarında olduğunu əyani nümayiş etdirir. Bu mənada ən son qərar - 2017-ci il İslam Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verilən qərar idman sahəsində daha bir sərhədin aşılması deməkdir. Əlbəttə, bütün bunlar gələcəkdə Azərbaycanı Olimpiya Oyunları kimi bəşəriyyətin ən böyük idman bayramını təşkil etməyə aparan yoldur.

Ümumi təhlillərə müraciət edəndə, əlbəttə ki, inkişaf edən iqtisadi potensial, əhalinin yüksələn maddi rifahı olmadan bunlara nail olmaq mümkün deyildi. İdmançıların yarışlarda uğurlu çıxışı üçün ilk növbədə onların məşq şəraitinin yüksək səviyyədə olması vacibdir. Bu baxımdan Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında istifadəyə verilən, tikilməkdə olan müasir olimpiya idman kompleksləri mühüm əhəmiyyət kəsb edir.

Bu il Prezident İlham Əliyevin iştirakı ilə sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimləri keçirilmişdir. Eyni zamanda, Bakı şəhərində 3 gənclər evi fəaliyyətə başlamış, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi isə açılışa hazırlanmışdır.

5 olimpiya idman kompleksinin və 2 idman kompleksinin tikintisi, eləcə də Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin inşası həyata keçirilir.

Bakı şəhərində keçiriləcək I Avropa Oyunları zamanı çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə beynəlxalq yarışların keçiriləcəyi Avropa Oyunları Parkının tikintisi, Su İdmanı Sarayının inşası, Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmiri, 65000 tamaşaçı tutumu olan Olimpiya stadionunun tikintisi işləri davam etdirilir.

I Avropa Oyunları ilə əlaqədar kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması, boks, qılıncoynatma, karate, taekvondo, voleybol idman növləri üzrə yarışlar üçün Bakı Kristal Zalında arakəsmələrin qurulması və müvəqqəti qurğularla təchiz edilməsi, kanoe idman yarışlarının təşkili məqsədilə Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin yerinə yetirilməsi, BMX velosipedi və dağ velosipedi yarışları üçün veloparkların tikintisinə hazırlıq işləri yerinə yetirilir.

Gələn il Avropa Oyunlarında qitənin 49 ölkəsindən 6000-dən artıq idmançının Azərbaycana gəlməsi gözlənilir. İdmançılar 19 idman növündə öz qüvvələrini sınayacaqlar.

Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu tarixi məkandır. Beynəlxalq yarışların ölkəmizdə təhlükəsiz, ədalətli prinsiplər əsasında keçirilməsi idmanın sərhədsiz, geniş coğrafiyaya malik olmasını bir daha önə çəkir.

Son illər Azərbaycan Respublikası MDB, Avropa, Asiya, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq sazişi və memorandumlara imza atıb. Gənclər və idman hərəkatının daha da genişlənməsi, birgə keçirilən tədbirlərdə təcrübə mübadiləsinin aparılması prioritet məsələlərdən biridir.

Bildiyimiz kimi, olimpiya oyunları dünyada gedən müharibələrin, zorakılığın əleyhinədir. Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Samaranç "İdmanın manifesti"ndə yazırdı: "İdman universal gücü ilə beynəlxalq arenada qardaşlıq və sülhün bərqərar olmasında başlıca qüvvədir. Hələ beynəlxalq təşkilatların yaranmasından çox əvvəl insan şəxsiyyətini ucaldan olimpiya idealları ayrı-ayrı sərhədlərdə yaşayan xalqların həmrəyliyinə səbəb olmuşdur. İdman həyatı bəzəyir, dünyada ədalətə və sülhə doğru cəhdləri daha da artırır". Doğrudan da, idman, əslində, mənəvi tərbiyə, harmonik inkişafdır. Çünki əsas sosial-mədəni dəyərlər idmanın yüksək nailiyyətləri ilə sıx bağlıdır.

Tarixi proseslər göstərir ki, olimpiya hərəkatı dünyada sülhün və sağlam gələcəyin təminatıdır. Bu, dövlətimizin gənclər və idman siyasətində bir daha özünü göstərir.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Azərbaycan gəncinin potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik".

20 illik fəaliyyəti dövründə ulu öndərin tövsiyələri və qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirməyi özünün əsas məqsədi olaraq müəyyənləşdirmiş Gənclər və İdman Nazirliyinin bundan sonrakı fəaliyyətində də sağlam gənclik və bədən tərbiyəsinin kütləviliyi, beynəlxalq idman uğurları başlıca istiqamət olacaqdır.

Azad RƏHİMOV,
Azərbaycan Respublikasının Gənclər və idman naziri
"Azərbaycan" qəzeti
26 iyul, 2014-cü il