"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Bakının parkinq probleminə açar - “Smart Parking”

Bu gün paytaxtda çoxsaylı nəqliyyat problemlərini yaradan səbəblərdən biri də parkinq, nəqliyyat vasitələrinin düzgün və lazımi yerlərdə saxlanılmaması ilə bağlıdır. “Online fikir bankı”na təqdim edilən “Bakı şəhərində parkinq xidmətinin elektronlaşdırılması. Smart Parking” adlı layihənin məqsədi də məhz paytaxtda parkinq probleminin həllinə çarə tapmaqdır.

Layihənin ideya müəllifi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşı Eyvaz Alışovun fikrincə, “Smart Parking” Bakının parkinq probleminə açar ola bilər:

“Bu gün dünyanın əksər ölkələrində sözügedən sistemdən istifadə edilir. Öncədən qurulmuş informasiya sistemi üzərindən xüsusi naviqasiya proqramları vasitəsilə telefonla boş parkinq ərazi tapılır, qiyməti barədə məlumat alınır. Elektron qaydada ödəmə etməklə sifariş vaxtı bildirilir. Azərbaycan prezidentinin xüsusilə son çıxışında verilən tapşırıqlar və 2015-ci ildə Avropa Oyunlarının keçiriləcəyi nəzərə alınarsa, bu sistem Bakıya da çox lazımdır. Sistemin qurulması ilə bağlı bir sıra şirkətlər fəaliyyət göstərir. Bu barədə hazırda geniş layihə hazırlamaqdayam. Bunun üçün bəzi dövlət qurumlarının dəstəyinə və maliyyə vəsaitinə ehtiyac olacaq”. Layihəyə tələb olunan vəsaitə gəlincə, E.Alışov hesab edir ki, vəsaitin açıqlanması dövlət qurumları ilə parkinq ərazilərinin dəqiqləşdirilməsindən və bunun əsasında sistemin qurulması üçün şirkətdən alınacaq smeta sənədlərindən sonra mümkündür.

Qeyd edək ki, “İKT ili”ndə başlayan unikal layihə - “Online fikir bankı”nın əsas məqsədi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamaq, gənclərin ölkə daxilində daha da inkişaf etdirmək istədikləri sahələri müəyyənləşdirmək, onların fikir və ideyalarını düzgün istiqamətləndirərək mümkün inkişaflarına zəmin yaratmaq, yeni, innovativ fikir və ideyalara malik gəncləri və bu fikir və ideyaların axtarışında olan potensial investorları (dövlət, beynəlxalq təşkilatlar və özəl) bir araya gətirmək, ölkəmizdə gənclərin fəallığının artırılmasına, onların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə zəmin yaratmaqdan ibarətdir.

Layihə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir. Dövlət Proqramının 6.3.8 - “Azərbaycanın “Online fikir bankı” nın yaradılması” bəndinin icrası məqsədilə artıq Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “www.fikirbanki.az” saytı yaradılıb və istifadəçilərə təqdim edilib. Bu bənd informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədini daşıyır. Gənclərin irəli sürdükləri fikir və ideyalar açıq istifadə üçün saytda yerləşdirilir.

Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. Bu da öz növbəsində həm gənclərin, həm də bütün cəmiyyətin həyat keyfiyyətinin daha da artırılmasına səbəb olacaq. Veb-saytda “Ayın qalibi” adlı xüsusi bölmə də yaradılıb ki, qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar. Azərbaycan gəncliyinin vətənpərvər, istedadlı və innovativ düşüncəyə malik olduğunu nəzərə alaraq, ekspertlərin rəylərinə əsasən, belə bir layihə günün tələblərinə tam uyğundur və uğurla nəticələnəcək. “Online fikir bankı” layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq.

“Hər şey ideyadan başlayır” devizi altında fəaliyyət göstərən fikir bankına – veb-sayta 14 yaşından başlayaraq Azərbaycan Respublikasının vətəndaşı olan yeniyetmə və gənclər öz fikir və ideyalarını göndərə bilər. İstifadəçilər tərəfindən göndərilən fikir və ideyalar təmənnasız xarakter daşıyır. Başqa sözlə, istifadəçilər öz fikir və ideyalarını təmənnasız olaraq bölüşürlər. Veb-sayt sosial xidmətlər, iqtisadiyyat, təhsil, milli-mədəni irs, turizm, mədəniyyət, əyləncə, nəqliyyat, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit kimi kateqoriyalar üzrə fikir və ideyaları qəbul edir. “www.fikirbanki.az” veb-saytında yalnız qeydiyyatdan keçən gənclər öz fikir və ideyalarını bölüşə, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilər isə istənilən fikir və ideyaya münasibətlərini bildirə bilərlər. İstənilən kateqoriyadan birini əhatə edən fikir və ideyalar “www.fikirbanki.az” veb-saytı vasitəsilə, müvafiq formanı dolduraraq və ya “DOC”, “PPT”, “PDF”, “AVİ” sənəd formasında (DOC və PDF sənəd - A4, 12 şrift, ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir. Veb-sayta göndərilən fikir və ideya ilk növbədə xüsusi Ekspert Şurası tərəfindən nəzərdən keçirilir və öz təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir. Sayta daxil edilən fikir və ideya Ekspert Şurası tərəfindən1-6 gün ərzində yoxlanıla bilər.

Ekspert Şurası tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq veb-saytda yerləşdirilməyən fikir və ideyanın qəbul olunmaması səbəbləri müəllifə açıqlanmaya bilər. Hazırda “Online fikir bankı”na təqdim edilən layihələrin sayı artmaqdadır. Artıq banka müxtəlif kateqoriyalar, o cümlədən “Rabitə və telekommunikasiya” üzrə 6, “Tibb və sağlamlıq” üzrə 4, “Ətraf mühit” üzrə 9, “Nəqliyyat” üzrə 11 ideya təqdim edilib. Həmçinin veb-saytda yerləşdirilən fikir və ideyalar sırasında “Sosial xidmətlər” üzrə 8, “İqtisadiyyat” üzrə 4, “Təhsil” üzrə 18, “Əyləncə” üzrə 6, “Media” üzrə 4, “Milli-mədəni irs” üzrə 2, “Turizm” üzrə 2, “Mədəniyyət” üzrə 2 ideya yer alıb.