"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Tarixin canlı səhifələri" vərəqlənəcək

2 may 2014-cü il tarixdə saat 20.00-da Şəki şəhəri “Xan sarayı”nda Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçiriləcəkdir.

Tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

Bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı bu günə kimi Azərbaycanda öz əksini tapmamışdır. Məhz bu formatda keçirilən “Tarixin canlı səhifələri” festivalı ölkədə ilk dəfə keçiriləcəkdir.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılacaqdır. Eyni zamanda, Festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaqdır.

Festivalda 200 nəfərə yaxın tələbə iştirak edəcəkdir.

Qeyd edək ki, Festival Azərbaycanın ümummilli lider, müstəqilliyimizin banisi Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir.