"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

"Təbiət Dostları" Gənclər Təşkilatı Beynəlxalq Ekoloji Şəbəkəyə üzv seçilib

Azərbaycanda 6 ildən çoxdur ki, fəaliyyət göstərən "Təbiət Dostları" Gənclər Təşkilatı (TDGT) Avropada 40 illik təcrübəsi olan Beynəlxalq Ekoloji Şəbəkənin rəsmi əməkdaşı seçilib. 2014-cü il dekabr ayında "Beynəlxalq Gənc Təbiət Dostları" təşkilatının baş ofisində keçirilən ümumi yığıncaqda "Təbiət Dostları"nın üzvlüyü məsələsi gündəmə çıxarılmış və səs çoxluğu ilə rəsmi olaraq beynəlxalq şəbəkənin əməkdaşı siyahısında yer almışdır. Növbəti mərhələdə keçiriəcək seçkilərdə "Təbiət Dostları" həm təşkilat kimi, eləcə də idarə heyyətində təmsilcilik haqqı əldə etmək niyyətindədir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Gənc Təbiət Dostları təşkilatı (International Young Nature Friends – IYNF) Avropada ən fəal ekoloji təşkilatlardan biridir və Beynəlxalq Təbiət Dostları təşkilatının bir qoludur. Beynəlxalq Şəbəkəyə üzv olmaqda 2014-cü ilin sentyabr ayında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən "Gənc Təbiət Dostu" adlı təlimçilər üçün təlim layihəsinin çox böyük rolu olmuş, 2014-cü ilin oktyabr ayında isə təşkilatın fəal üzvləri Beynəlxalq Şəbəkənin illik planlama görüşündə iştirak etmişdir. Elə həmin görüşdə üzvlük üçün rəsmi müraciət ünvanlanmış və digər sənədlər hazırlanıb prezidiuma təqdim edilmişdir.

"Təbiət Dostları" Azərbaycanda illərdir ekoloji maarifləndirici tədbirlər həyata keçirməklə bu sahədə öz töhfəsini verməyə çalışır. "Təbiət Dostları" həmçinin, ölkədə ilk dəfə olaraq ekoloji nəqliyyat olan velosipedin təbliğatına başlamış və hal-hazırda təşkilatın nəzdində fəaliyyət göstərən Yaşıl Velosipedçilər Klubu olaraq fəaliyyəti davam etdirməkdədir. O cümlədən, ölkədə EkoTurizmin inkişafı sahəsində bir çox tədbirlər xüsusi ilə də yay və qış düşərgələrini təşkilatın nəzdində fəaliyyət göstərən EkoTur Klubu tərəfindən təşkil edir.