"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

İntiqam Babayev: «Gənclərin elm sahəsinə gəlməsi üçün müvafiq şərait yaradılmalıdır»

«Hilton» otelində Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası işə başladı. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 20-dək davam edəcək.

Açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, ölkədə gənclərin, xüsusilə gənc alimlərin sosial şəraitini yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, ölkədə elmin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılmasını istəyiriksə, gənclərin elm sahəsinə gəlməsini təmin etməli və onlar üçün müvafiq şəraitlər yaradılmalıdır. AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov qeyd etdi ki, tədbir çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə – gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri – gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi nəzərdə tutulub.