"Əminəm ki, bugünkü Azərbaycan gəncləri doğma
Vətənimizin dəyərli vətəndaşları olacaq, öz
professionallığını nümayiş edə biləcək
və ölkənin inkişafında öz sözlərini deyəcəklər"

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 
 

Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə uğurla başa çatdı.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində bugünlərdə müxtəlif türk ölkə və topluluqlarını təmsil edən bir qrup gənc şair və yazıçı respublikamızda səfərdə olub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qismən maliyyələşdirdiyi layihə çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Çuvaşıstan, QaqauzYeri (Moldova), İraq (Türkmaneli) və Rusiya paytaxtı Moskvadan (M.Qorki ad. ədəbiyyat İnstitutu, “Şəhriyar” Ədəbi Məclisi) təşrif buyurmuş gənc yazarlar Azərbaycanlı həmkarları ilə tanış olmaqla yanaşı, bir sıra önəmli görüş və müzakirələrdə iştirak ediblər.

Azərbaycan paytaxtına gələn türksoylu ölkə və topluluq təmsilçiləri səfərin ilk günü ərzində həm proqramla, həm də bir-birləri ilə tanış olmaq fürsəti əldə etdilər. Həmçinin onlardan bir qrupu AYB-nin NATAVAN Klubunda tanınmış şair-publisist Osman Başın (Türkiyə) “Xarı Bülbül” kitabının tanıtım və imza törəninə qatılıb.

Rəsmi proqram Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, eləcə də görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarətlə başlayıb. Ardınca Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edən türksoylu ölkə və topluluq təmsilçilərinə Azərbaycanın yaxın tarixində baş vermiş 20 yanvar hadisəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğalı – Qarabağ müharibəsi, eləcə də Nuri Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusunun Bakını azad etməsi (1918) barədə bilgilər verilib.

Sonra KitabEvim.Az ziyarət olunub. Qısa zamanda kitabsevərlərin marağına səbəb olan, paytaxt Bakının ən universal kitab(çı) ünvanı halına gələn “KitabEvim”in təsisçisi, tanınmış yeni nəsil yazarlarından dos.dr. Şəmil Sadiq qonaqlara Azərbaycanda kitab işi barədə ətraflı bilgi verib, onları maraqlandıran sualları cavablandırıb. “KitabEvim”in, eləcə də “Hədəf Nəşrləri”nin kitab nəşri,` çevirmə işi və kitab satışı ilə bağlı gördüyü işlərdən danışılıb. Natiq bildirib ki, gələcəkdə Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət toplunun ölkəmizdə işıq üzü görməsi faydalı olardı və “Nədəf Nəşrləri” bu işə öz töhfəsini vermək istərdi. Qonaqlara “Odərlər” romanını hədiyyə edən Ş.Sadiq, yaxın gələcəkdə bütün türksoylu ölkə və topluluqlarla geniş işbirliyinə hazır olduğunu bildirib.

“KitabEvim”i ziyarətdən sonra qonaqlar R.Behbudov ad. Dövlət Mahnı Teatrında, DGTYB Məsləhət Kurulu üzvü prof.dr. Elçin İsgəndərzadənin 50 illik yubileyi münasibəti ilə düzənlənən musiqili şeir gecəsində iştirak etdilər.

Növbəti gün qonaqlar ölkəmizdə fəaliyyət göstərən ən gənc və ən nüfuzlu ali təhsil ocaqlarından olan Moskva Dövlət Universitetinin Bakı Filialında olublar. Təhsil ocağının fəaliyyəti ilə, tələbələrə yaradılan şəraitlə, o cümlədən “Tələbə Odası”, “13 müdrik odası”, “Filologiya fakültəsi”, “Kitabxana”, “Konfrans zalı” və s. yaxından tanış olan qonaqlar gördüklərindən məmnun qaldıqlarını söyləyiblər. Universitetlə tanışlıq səfərində qonaqları DGTYB mənsubları ilə yanaşı, Universitet rektorunun yardımçısı Məhəmməd Osmanov və dekan Fikrət Rza müşaiyət edib. Görüşün sonunda Universitetin rektoru prof.dr. Nərgiz xanım Paşayevanın adından qonaqlara hədiyələr verilib. Eyni zamanda TÜRKSOY nümayəndəsi Malik Otarbayev xanım Paşayevaya ünvanlanmış “TÜRKSOY Təşəkkür Plaketi”ni M.Osmanova təqdim edib.

Layihə çərçivəsində ilk konfrans TUSİAB-ın Konfrans salonunda baş tutub. Türk Dünyası ədəbi birlikləri arasında işbirliyinin daha da möhkəmlənməsi, Türk Dünyası ədəbiyyatının öyrənilməsi və tanıdılması, eləcə də müxtəlif türk dövlət və topluluğunda yaşayan gənc yazarların yaradıcılığının daha da stimullaşdırılmasına həsr edilmiş konfrans səmərəli və maraqlı müzakirələrlə keçib.

Tədbirin mahiyyəti barədə bilgi verən Layihə rəhbəri Əfsanə Ələsgərli ədəbi birliklər arasında əlaqələrin güclənməsi və Türk Dünyası gənc yazarlarının əsərlərinin geniş surətdə tanıdılması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı təşkilatın indiyə kimi gördüyü işlərə qısa ekskurs edib, Türk Dünyası ədəbiyyatı ilə bağlı nəşrlərin, özəlliklə “Türkün səsi” almanaxının çap edildiyini xatırladıb.

Sonra Layihəyə dəstək duran evsahibi qurumun başqanına DGTYB və TÜRKSOY adından plaket təqdim edildi. TUSİAB başqanı Yavuz Keleş istedadlı gənclərlə görüşdən məmnunluğunu ifadə edib. O bildirib ki, Türk Dünyasının işıqlı gələcəyi məhz onlardan asılıdır. Cənab Kələş Türk Dünyası ilə bağlı bir sıra layihələrə dəstək verdiklərini söyləyib. TÜRKSOY təmsilçisi Malik Otarbayev və TUSİAB-ın Dış İlətişim üzrə katibi, ünlü köşə yazarı, şair-publisist Səlcuq Düzgün türk gənclərinin milli-mənəvi dəyərlərimizə, tariximizə, soykökümüzə sahib çıxması yönündə fikirlərini bölüşüblər.

Daha sonra Akademik Milli Dram Teatrında Türk Dünyası gənc şairlərinin şeir şöləni keçirilib.

Ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, sənətçilərinin, aydınların, QHT və KİV təmsilçilərinin, tələbə-gənclərin iştirak etdiyi tədbirdə, müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər – Musab Kırca, Haticə Üzgül (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Nilufər Şıxlı (RF, Moskva), Altınbek İsmayil (Qırğız Respublikası), Şoxista Ortikova, Mahfuza Ortikova (Özbəkistan), Alla Böyük (QaqauzYeri), Rıfat Salah (Tatarıstan), Aybəniz Küzəçi (İraq, Türkmaneli), Dmitriy Moiseev (Çuvaşistan), Kamil Bensgier (M.Qorki ad. Ədəbiyyat İnstitutunun Yekaterinburqlu tələbəsi), eləcə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif ədəbi qurumların nümayəndəsi olan gənc şairlər səhnə alıblar. Onların parlaq ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Şeir gecəsinin musiqili qonaqları, vətənpərvər mahnıları ilə sevilən sənətçi Şəmistan Əlizamanlı, əməkdar artist Aybəniz Haşımova, gənc aşıq Elməddin Məmmədli, ustad aşıq Məhərrəm Hüseynlinin ifaları şeir məclisini daha da rəngarəng edib.

Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Kültür-Tanıtma müşaviri Seyid Ahmet Arslan, şair-publisist Səlcuk Düzgün, TÜRKSOY təmsilçisi Malik Otarbayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, prof.dr. Almaz Ülvi, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı, “Birlik” dərgisinin redaktoru İlqar İlkin, DGTYB Təsisçilər Şurasının üzvü, şair dos.dr. Rəsmiyyə Sabirin üzv olduğu münsiflər heyəti səsvermə ilə ən yaxşı üç şeiri (və ifanı) müəyyənləşdiriblər. Səsverməyə görə, birinci yerə Rıfat Salah (Tatarıstan), ikinci yerə Şoxista Ortikova (Özbəkistan), üçüncü yerə Dmitriy Moisseev (Çuvaşıstan) və Nilufər Şıxlı (Moskva) layiq görülüb, onlara diplom və qiymətli hədiyyələr verilib.

Şeir gecəsində həmçinin “Türk Dünyasına Xidmət ödülü”nün təltif törəni də gerçəkləşib. Mahmud Kaşğarlı Fondunun baş katibi şair-publisist Elxan Zal Qaraxanlı, Modern.az-ın köşə yazarı, AMEA-nın əməkdaşı dos.dr. Faiq Q. Ələkbərli layiq görüldükləri ödülə görə DGTYB başqanlığına öz təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edən TÜRKSOY təmsilçisi Malik Otarbayev TÜRKSOY başqanı Dusein Kaseinovun salamlarını çatdırdıqdan sonra, qurum adından Türk Dünyası ədəbiyyatı ilə bağlı görülən işlərə görə Əkbər Qoşalı və gənc yazar Əfsanə Ələsgərlini TÜRKSOY Plaketi ilə təltif edib.

Növbəti gün yenidən TÜSİAB Konfrans salonuna yığışan Layihə iştirakçıları, Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması yönündə, hər bir ölkə və topluluq təmsilçisinin düşüncə və fikirləri öyrənilməklə, geniş diskussiya aparıblar.

AYB-nin Mətbuat Xidmətinin başçısı, Gənc Şairlər Birliyinin başqanı Xəyal Rza bir neçə il öncə Mikayıl Müşfiqin ad günü – 5 iyun tarixinin Azərbaycanda Şairlər Günü kimi elan edilməsi təşəbbüsü ilə çıxış etdiyini, bu günün bütün Türk Dünyasında qutlanmasını təmənna etdiyini qeyd edib. “Ulduz” gənc ədəbiyyatçılar dərgisinin baş redaktoru Qulu Ağsəs dərginin son sayının məhz Türk Dünyası ədəbiyyat(çılar)ına həsr edildiyini vurğulayıb, bundan sonra da, Azərbaycanla yanaşı bütün Türk Dünyası gənc yazarlarının əsərlərinə yer veriləcəyini bildirib.

Konfransda gələcəkdə gənc şairlərin əsərlərinin müxtəlif türk dillərinə çevrilməsi, ümumtürk ədəbi nəşr və elektron resurs yaradılması kimi təkliflər irəli sürülüb. Yekun olaraq, ədəbi birlikləri təmsil edən gənclər gələck fəaliyyəti əks etdirən “Niyyət Protokolu”nu imzalayıblar.

Daha sonra türksoylu yazarlar “Azərbaycan Dil Qurumu” İctimai Birliyində, Dil Qurumunun başqanı, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər. Qurumun fəaliyyəti barədə bilgi verən Xalq şairi görülən işlərdən, Türk Dünyası ədəbiyyatı, mədəniyyəti ilə bağlı gerçəkləşdirilən və gerçəkləşdirilməli olan tədbirlərdən danışıb. Gənc yazarlara yeni yaradıcılıq uğurları arzulayan S.Rüstəmxanlı, bildirib ki, ədəbiyyatın, sözün dəyəri türk xalqlarında, Şərqdə həmişə üstün mövqedə olub. Qonaqlar həmçinin yazıçıya xatirə hədiyyələri də təqdim ediblər.

Türksoylu ölkə və topluluq təmsilçiləri Azərbaycanda olquqları müddətdə paytaxt Bakının tarixi yerləri ilə də tanış olublar.

Qeyd edək ki, layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.